Həmişə rahat həyat şərtlərinə can atan insan nəqliyyat vasitəsi seçərkən də öncə onu gözləyən təhlükənin nə qədər olmasına diqqət edir.
Bir neçə gün əvvəl Çində elektromobilin elektrik doldurma məntəsində partlaması çoxlarının beynində suallar yaratdı:
Bəs deyirdilər, elektrokar ən təhlükəsiz avtomobildir? Bu hadisə bütün elektromobil sürücülərinin başına gələ bilər?
Mövzu ilə bağlı TED.az-a danışan nəqliyyat eksperti Şahin Göyləroğlu bildirib ki, təhlükəsiz yanacaq növü sözünü bir neçə cür “yozmaq” olar: “Təhlükəsizlik nisbi anlayışdır. Avtomobilin nəyəsə nəzərən təhlükəli və ya təhlükəsiz olduğunu qiymətləndirə bilərik. Ümumilikdə istənilən yanacaq növü, cihaz və nəqliyyat vasitəsi təhlükəlidir. Məsələn, velosiped yanacaqla işləməsə də ciddi təhlükəli nəqliyyat vasitəsidir. Çünki onunla qəzaya düşmək və zədə almaq ehtimalı daha çoxdur. Həmçinin motosiklet də çox təhlükəlidir”.
Ekspert qeyd edib ki, nəqliyyat vasitəsinin yanacaq növünə nəzərən təhlükəli olub-olmaması texniki qulluğa ciddi riayət etməkdən asılıdır: “Gündəlik məişətdə gördüyümüz batareya ilə işləyən cihazlara nəzər salaq. Mobil telefonlar cərəyana qoşularkən və ya oyun oynadığımız zaman bəzən kəskin qızır. Mediada da mütəmadi olaraq telefonun partlaması ilə bağlı xəbərlər eşidirik. Hətta bir vaxtlar Samsung telefonlarının partlama təhlükəsinə görə bəzi şirkətlər təyyarəyə minərkən telefonları bort işçilərinə təhvil verməyi tövsiyə edirdilər”.
Ş.Göyləroğlu vurğulayıb ki, hazırda dünyada bir neçə milyon elektromobil var: “Tutaq ki, onlardan bir neçəsi hər hansı səbəbdən partlayır, yanır. Elektromobildə böyük və güclü akkumulyator olduğu üçün qısaqapanma nəticəsində yanğın baş verə bilər. Bu, normaldır. Elektromobil təhlükəli deyil. Yeganə səbəb düzgün istifadə olunmamasıdır. İstənilən halda, gələcəkdə bu hadisə Azərbaycanda Çindən daha çox baş verəcək. Çünki texnikaya barmaqarası yanaşırıq.
Texnikaya düzgün qulluq olunmasa, qısaqapanma, yanma və partlama mütləq olacaq. İstər elektromobil olsun, istər də benzin, dizel və ya sıxılmış qaz, fərq etməz, bunun yanacaqla əlaqəsi yoxdur”.
Ekspert elektromobillərin yetərincə təhlükəsiz olduğunu deyib və texniki qulluqla bağlı daha bir misal çəkib: “Telefonunuz qızırsa, bu, bir günə olmur. Uzun müddət qızır, buna diqqət etmirik və nəticədə ekran partlayır, yaxud akkumulyator sıradan çıxır. Maşınlarda isə bu hal böyük yanğın və partlayış törədir. Texniki qulluq və istismara diqqət edilməsə, nəqliyyat vasitəsi zədələnə, partlaya da bilər”.
Günel QURBANOVA TED.AZ